Dünən İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1/4 finalının püşkatması olub. Adıçəkilən turnirin son qalibi “Barselona” 2006-cı ildə məhz həlledici oyunda məğlub etdiyi “Arsenal”la yenidən münasibətlərini aydınlaşdıracaq.
Bundan başqa, ÇL-in 1999-cu ildəki finalçıları da yenidən üz-üzə gələcək. “Bavariya” həmin görüşdə son dəqiqələrdə əldən verdiyi qələbənin revanşını “Mançester Yunayted”dən almağa çalışacaq.
Püşk eyni ölkəni təmsil edən iki klubu da qarşılaşdırıb. Belə ki, son illərdə ilk dəfə bu turnirdə 2 komanda ilə təmsil olunan Fransanın klubları “Bordo” və “Lion”dan biri yarımfinala yüksələcək. Qeyd edək ki, adıçəkilən klublar bu mövsüm artıq bir dəfə Liqa-1-də qarşılaşıblar. Həmin görüşdə “jirondistlər” səfərdə Klod Pyuellin komandasını məğlub ediblər (1:0).
Tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına yüksələn Moskva SSKA-sı isə “İnter”lə gücünü sınayacaq. Xatırladaq ki, 1998/99 mövsümündən bəri ilk dəfə olaraq 8 ən güclü klub 6 müxtəlif ölkəni təmsil edir.
1/4 final
Arsenal - Barselona
Lion - Bordo
Bavariya - Mançester Yunayted
İnter - SSKA Moskva
İlk oyunlar martın 30-31-də
Cavab matçları aprelin 6-7-də
1/2 final
Bavariya/Mançester Yunayted - Lion/Bordo
İnter/SSKA Moskva - Arsenal/Barselona
İlk oyunlar aprelin 20-21-də
Cavab matçları aprelin 27-28-də
Final matçı isə mayın 22-də Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.