“Bu, futbol tariximizdə ən böyük tədbirlərdən biri olacaq”
Xəbər verdiyimiz kimi, FİFA İcraiyyə Komitəsi tərəfindən 2012-ci ildə 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi barədə qərar çıxarılıb. Bununla əlaqədar, baş katib Elxan Məmmədov AFFA-nın əməkdaşları ilə görüş keçirib və DÇ-nin ev sahibliyinin ölkəmizə verilməsi barədə məlumatı assosiasiya əməkdaşlarının diqqətinə çatdırıb.
Eyni zamanda AFFA-nın baş katib Elxan Məmmədov www.affa.az və www.affavideo.az saytlarına fikirlərini bildirib:
“Bildiyiniz kimi, bu gün FİFA İcraiyyə Komitəsinin iclası keçirilib. Həmin toplantıda müxtəlif qərarlar qəbul edilib. Bu qərarlardan biri Azərbaycanla bağlıdır. Belə ki, 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatına Azərbaycan ev sahibliyi edəcək. Bu münasibətlə AFFA-nın kollektivinin adından xalqımızı, idman ictimaiyyətini təbrik edirik. Bu, böyük uğurdur. Demək olar ki, bu, futbol tariximizdə ən böyük tədbirlərdən biri olacaq. Çünki dünya çempionatının final mərhələsi Bakıda keçiriləcək. Bu bir daha göstərir ki, Azərbaycan inkişaf edir. Əgər bu gün FİFA seçimini Azərbaycanın xeyrinə edibsə, deməli, dünyanın ali futbol qurumu da bu inkişafı görür. FİFA-nın prezidentinə, İcraiyyə Komitəsinin üzvlərinə, UEFA-ya “çox sağ olun” deyirik və göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk.
Təxminən 6 ay əvvəl AFFA qadınlar arasında, eyni zamanda, çimərlik futbolu üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi üçün namizədliyini irəli sürdü. Qısa zamanda sənədlər hazırlanıb FİFA-ya təqdim edildi. Ötən ilin noyabr ayında FİFA və AFFA prezidentləri Yozef Blatterlə Rövnəq Abdullayevin görüşü zamanı da bu məsələ müzakirə edildi. Bu layihənin həyata keçirilməsi üçün dövlət tərəfindən də xüsusi dəstək oldu. Bununla bağlı, Rövnəq müəllim Blatterlə görüşündə ona məlumat verdi. Həmin görüşdə başqa layihələr də müzakirə olundu. Əsas diqqəti dünya çempionatının ölkəmizdə keçirilməsinə nail olmağa yönəltmişdik. Bir müddət sonra ikinci mərhələ üçün nəzərdə tutulan sənədlər AFFA-ya göndərildi. Bu tenderlə bağlı idi. Təxminən 65 gün vaxt verilmişdi. Bu müddət ərzində bütün sənədləri, eyni zamanda həm qadın, həm də çimərlik futbolu ilə bağlı videorolik hazırlayıb FİFA-ya təqdim etdik. AFFA və FİFA prezidentlərinin növbəti görüşü Moskvada oldu. Həmin görüş zamanı tender sənədlərinin müzakirəsi aparıldı, videoçarx izlənildi. Martın 12-də AFFA prezidenti Rövnəq Abdullayevlə UEFA prezidenti Mişel Platini arasında Nyon şəhərində görüş keçirildi. Söhbət zamanı bildirildi ki, Azərbaycanın bu yarışları keçirməyə imkanı var. Nəhayət, bu gün
FİFA-nın cavabı açıqlandı. Bir daha həm bu qərar, həm də qarşıdan gələn Novruz bayramı münasibətilə xalqımızı təbrik edirəm.
Təbii ki, ölkəmizdəki siyasi sabitliyin və iqtisadi inkişafın bu qərarın qəbul edilməsində müsbət rolu oldu. Çünki bu cür qərarlar qəbul edilərkən, siyasi sabitlik və iqtisadi inkişaf nəzərə alınır. Bu gün Azərbaycan dövlətinin futbola diqqət və qayğısı yüksək səviyyədə qiymətləndirilir.
Dövlət proqramında ölkəmizdə beynəlxalq yarışların təşkili də yer tutur. Biz də bunu həyata keçirmək istiqamətində işlər görürük”.
Qeyd: Tədbirlə bağlı videomaterialı və müsahibəni izləmək istəyənlər www.affavideo.az saytına daxil ola bilər.